Almaniyalı alimlər koronavirusun qarşısını alan təbii maddə aşkar ediblər

Tarix:
23.12.2020
Baxış sayı:
2405

Almaniyanın Essen Universitet-klinikasının bir qrup aliminin gəldiyi nəticəyə əsasən, öskürəyin müalicəsi üçün nəzərdə tutulmuş bir çox dərmanın tərkib hissəsində mövcud olan biyan kökü koronavirusun inkişafınının qarşısını ala bilər.

Biyan kökü öskürəyin dərmanı kimi məşhurdur.

RIA Novosti alimlər tərəfindən dərc edilmiş məlumata istinadən bildirir ki, biyan kökünün su ekstraktı 0,5-1 mq/ml konsentrasiyada neytrallaşdırıcı təsir göstərib. Alimlərin sözlərinə görə, virusun inkişafına mane olan biyan kökünun aktiv maddəsi qlissirizin turşusudur.

Həmçinin, mütəxəssislər bu turşunun koronavirusa təsirinin daha da araşdırılmasının vacibliyini vurğulayırlar. Bu maddə herpes və digər infeksiyaların müalicəsi zamanı virus əleyhinə effektivliyini daha əvvəllər artıq sübut etmişdir.

Ayzdorov portalının verdiyi məlumata əsasən, biyan kökü insan orqanizmi üçün bir sıra faydalı maddələrə sahibdir. Yuxarıda qeyd edilən qlissirizin turşusu ilə yanaşı, biyanın tərkibində askorbin turşusu, efir yağları, flavonoidlər və asparagin turşusu var. Biyan kökü yalnızca öskürək üçün deyil, həm də mədə xorasının müalicəsi zamanı və detoksifikasiya edici vasitə kimi də istifadə olunur.